Günəş sistemi
Günəş sistemimiz, Günəş, doqquz planet və bu planetlərin altmış bir peykindən ibarətdir. Bu planetlər arasındakı boşluqda bir çox quyruqlu ulduz və asteroid var. Bütün bu göy cisimlərinin ən böyüyü olan Günəş isə, bütün Günəş sisteminin ürəyidir.
Günəş sistemimizin bir hissəsi olan bu doqquz planet, həm öz ətraflarında, həm də Günəş ətrafında sıralanmış şəkildə daim fırlanarlar. Günəşə ən yaxın olandan ən uzaq olana doğru planetlərin adlarını ardıcıl sadalayaq; Merkuri, Venera, Yer, Mars, Yupiter, Saturn, Uran, Neptun və Pluton. Gördüyünüz kimi planetimiz, Günəşə yaxınlıq ardıcıllığında üçüncüdür.
Günəş sistemində yerləşən hər planetin fərqli xüsusiyyətləri var. Bunlardan bəzilərinin temperaturu gülləni əridəcək qədər yüksəkdir. Bəziləri isə tamamilə buzlaqlarla örtülüdür. Bəzi planetlər tamamilə qazdan ibarətdirlər. Bəziləri isə Ay qədər kiçikdirlər.
Peyklərlə planetlər arasında çox uyğun bir əlaqə var. Planetlər peyklərini özlərinə doğru çəkirlər. Peyklər isə bu çəkimi tarazlayırlar. Əgər bu tarazlıq yaradılmasaydı, peyklər planetlərə yapışar və ya qopub gedərdilər.
Məsələn, Ay bir qədər yavaş fırlansaydı sürətlə Yer kürəsiylə toqquşardı. Bu isə planetimizin sonu olardı. Daha sürətli fırlansaydı, bu dəfə də planetimizdən getdikcə uzaqlaşar və artıq bizim peykimiz ola bilməzdi.
Səyahətimizə Günəş sisteminin ürəyi olan Günəşi araşdıraraq davam edək.
Günəş
Günəş, Günəş sistemindəki ən böyük göy cismidir. Çox isti və yanmaqda olan bəzi qazlardan ibarətdir. Bundan ötrü də, səthində hər saniyədə milyonlarla atom bombası partlayışı ilə eyni gücdə olan partlayışlar baş verir. Bu partlayışlar nəticəsində hündürlüyü planetimizin böyüklüyünün 40-50 misli qədər olan alovlar püskürər.
Bir alov topuna bənzəyən Günəş, səthindən çox böyük istilik və işıq yayar. Əgər, Günəş olmasaydı, daim gecə olardı və hər yer buzla örtülü olardı. Ən əhəmiyyətlisini isə, daha öncə söyləmişdik! Dünyada həyat, yəni biz ola bilməzdik.
Çünki kosmos (kosmos filmlərindən də xatırladığınız kimi) qaranlıq bir yerdir. Planetimiz də bu qaranlıq yerdəki bir göy cismidir. Bu qaranlıq yerdə planetimizi Günəşdən başqa işıqlandıracaq və isindirəcək bir göy cismi yoxdur.
Lakin Günəşdən yayılan işıq çox parlaqdır. Yəqin ki, buludsuz bir gündə Günəşə baxmısınız. Xatırlayın görək. Bir neçə saniyə baxandan sonra gözləriniz qamaşmışdı, elə deyilmi? Əslində, Günəşə bu parlaq işığından ötrü birbaşa baxmaq çox təhlükəlidir. Bu parlaq işıq gözlərimizə zərər verə bilər. Həmçinin, yayda uzun müddət Günəş altında qalmaq da təhlükəlidir. Hətta, dərimizdə uzunmüddətli müalicə tələb edəcək çox ciddi yanıqlar meydana gələ bilər. Çünki xüsusilə yay aylarında Günəşdən çox böyük istilik yayılar. Halbuki Günəş, Planetimizdən milyonlarla kilometr uzaqdadır və kosmosa yaydığı istiliyin yalnız mində iki hissəsi planetimizə çatar.
Bəs Günəşdən çox uzaqda yerləşməsinə baxmayaraq, planetimizdə istilik bu qədər yüksələ bilirsə, görəsən Günəşin səthindəki istilik nə qədərdir?
Elm adamları bu mövzuda təxmini rəqəmlər verə bilirlər. Amma bu temperaturu, bildiyimiz hər hansı bir şeyin hərarətiylə müqayisə edərək anlamaq qeyri-mümkündür. Günəşin səthindəki temperaturun 6 min dərəcə olduğunu, mərkəzində temperaturun isə 12 milyon dərəcəyə qədər yüksəldiyini bir düşünün... Bunu bizə məlum olan nəylə müqayisə edə bilərik ki? Əlimizlə 50⁰ C dərəcədən yüksək temperaturdakı suya toxunmağa dözə bilmərik. Ən qızmar yay günlərində belə havanın temperaturu ən çoxu 40⁰-50⁰ dərəcə arasında olar. Bu nümunədən də, Allahın Yerlə Günəş arasındakı uzaqlığı ən uyğun şəkildə yaratdığını anlayırıq. Günəş bizə bir qədər də yaxın olsaydı, Yer üzərindəki hər şey istidən qovrular və kül olardı. Lakin bir qədər də uzaq olsaydı, bu vaxt da hər şey buz bağlayardı. Əlbəttə ki, hər iki halda da həyat mümkün olmazdı.
Əslində, bənzər şəkildə Günəşin istiliyini daha az alan qütb bölgələri daimi buz təbəqəsiylə örtülü olub, daha çox olan Ekvator bölgələri isə daimi isti olar. Allah bu bölgələri bizə nümunə olması üçün yaratmışdır. Digər yerlər isə canlıların yaşaması üçün ən uyğun şərtlərdə yaradılmışdır. Bu Allahın bizə olan şəfqətini göstərir. Çünki, Allah Günəşlə Yer arasındakı uzaqlığı hazırkı kimi ən uyğun şəkildə yaratmasaydı, yerdəki həyat olduqca çətin olardı. Hətta olmaya bilərdi.
Ancaq əvvəlki səhifələrdə də qeyd etdiyimiz kimi Allah Günəşi və Ayı Yerdə həyatımızı rahatlıqla davam etdirə bilcəəyimiz kimi bir nizamla yaratmışdır. Bir Quran ayəsində Günəşin və Ayın Allahın əmri ilə hərəkət etdiyi belə bildirilir:
Gördüyünüz göyləri dirəksiz yüksəldən, sonra da Ərşə ucalan, müəyyən vaxta qədər göydə hərəkət edən Günəşi və Ayı əmrinə tabe edən Allahdır. O, işləri yoluna qoyur və ayələrini belə izah edir ki, bəlkə Rəbbinizlə qarşılaşacağınıza yəqinliklə inanasınız. (Rad surəsi, 2)
Günəşin cazibə qüvvəsi
Kainatdakı saysız göy cisminin bir-birləri ilə toqquşmadan, bir nizam içində hərəkət edə bilmələri, "orbitləri"nin Allah tərəfindən çox incə hesab əsasında müəyyənləşdirilməsi sayəsindədir. Planetlərin Günəş ətrafında fırlanarkən hərəkət etdiyi yola "orbit" deyilir. Heç bir planet orbitindən ayrılıb başqa bir istiqamətə doğru hərəkət edə bilməz. Çünki planetlər Günəşin cazibə qüvvəsinin təsiri altındadırlar. Siz bu sətirləri oxuyarkən planetimizin Günəş ətrafındakı orbitində saatda təxminən 108 000 kilometr sürətlə hərəkət etdiyini bir düşünün. Bu sürətin nə qədər böyük olduğunu bu yolla anlaya bilərsiniz: Normal bir avtomobilin saatda çata biləcəyi ən yüksək sürət, orta hesabla saatda 200 kilometrdir. Yəni Yerin Günəş ətrafında fırlanma sürəti avtomobilin çata biləcəyi sürətin 540 misli qədərdir. Bu mövzuya dair digər bir nümunə isə belədir: bir güllə saatda təxminən 1800 kilometr sürətlə hərəkət edər. Yerin Günəş ətrafındakı fırlanma sürəti isə bir güllənin sürətinin 60 misli qədərdir.
Məhz Yerin bu yüksək sürətindən ötrü, Günəşin cazibə qüvvəsi çox əhəmiyyətlidir. Əgər Günəşin cazibə qüvvəsi zəifləsə, fövqəladə sürətindən ötrü Planetimizlə birlikdə kosmosa sovrularıq və bu planetimizin sonu olar...
Bunun tam əksi olduqda isə, yəni Günəşin cazibə qüvvəsi artdıqda, planetimiz sürətlə Günəşə yaxınlaşar və əriyərək buxarlanar. Əlbəttə ki, belə olan halda biz də yox olarıq. Bundan əlavə, Günəşin cazibə qüvvəsi orbitləri üzrə hərəkət edən planetlərin bir-birlərinə toqquşmalarına da mane olar. Bəs Günəşin bu planetləri özünə doğru necə sürətlə çəkə bildiyi barədə heç düşündünüz mü?
Əslində hər şey çox aydındır. Bu tarazlıqları yaradan və onları bu halıyla daim qoruyan üstün bir güc sahibi olan Yaradıcımız Allahdır.
Həmçinin cazibə qüvvəsinə sahib olan yalnız Günəş deyil. Günəş sistemindəki planetlərin də öz cazibə qüvvələri var. Məsələn, Yerin cazibə qüvvəsi, Ayı yerə doğru çəkər. Ay bu cazibə qüvvəsindən ötrü, sanki müəyyən uzaqlıqda asılı vəziyyətdə dayanar. Bu sayədə Yer kürəsi Ayla toqquşmaq kimi bir təhlükədən qorunmuşdur. Şübhəsiz ki, onu Yerin üzərinə düşməkdən qoruyan, Allahın üstün və sonsuz gücüdür.
Günəşin cazibə qüvvəsinə bənzəyən və insan həyatı üçün əhəmiyyətli olan bir cazibə qüvvəsi daha var. Bu da yerin cazibə qüvvəsidir. Bizi yer üzündə saxlayan, asanlıqla yeriyib qaçmağımızı təmin edən yerin cazibə qüvvəsidir.
Əlinizdə bir top olduğunu düşünün. Əllərinizi topdan çəkdikdə nə baş verər? Top yerə düşər elə deyilmi? Çünki yerin cazibə qüvvəsi onu özünə doğru çəkər. Lakin, bu topu kosmosda əlinizdən buraxsanız, top düşməz. Çünki, kosmosa çıxdıqda yerin cazibə qüvvəsinin təsiri yox olar. Buna görə də, cazibə qüvvəsinin varlığı bizim üçün çox əhəmiyyətlidir.
Amma çox əhəmiyyətli bir mövzu daha var: Cazibənin tam indiki səviyyədə olması da vacibdir. Əgər indikindən az olsaydı, bir qədər əvvəl söylədiyimiz kimi kosmosdaymış kimi havada yeriyər, yerə ayaq basa bilməzdiniz. Rahat hərəkət edə bilməz, daim bir yerdən başqa yerə sürüklənər, bir addım atdığınızda sıçrayıb tavana dəyərdiniz. Eləcə də, cazibə qüvvəsinin şiddəti çox olsaydı bu dəfə də yerə yapışacağınız üçün yeriyə bilməzdiniz. Təkcə yerdə sürünərək hərəkət edə bilərdiniz.
Lakin, bunların heç biri başımıza gəlməz. Çünki Allah yerin cazibə qüvvəsini həyatımız üçün ən uyğun səviyyədə yaratmışdır.
Bu mövzuda bir nümunə versək, bunu təsəvvürünüzdə daha yaxşı canlandıra bilərsiniz: Ayda da Yerdəki kimi cazibə qüvvəsi var. Ancaq bu cazibə qüvvəsi Yerdəkinə görə daha azdır. Bundan ötrü də, Ayda yaşaya bilməzsiniz. Şübhəsiz ki, televiziyada və ya kosmosla əlaqədar filmlərdə astronavtların Aydakı hərəkətlərini seyr edibsiniz. Bütün həyatımızı bu cür keçirə bilərdikmi? Əlbəttə ki, keçirə bilməzdik.