Kainat
Bu fəsildə sizə kainatı meydana gətirən göy cisimlərindən danışacağıq. Əlbəttə ki, Günəş, Ay və Yer bu göy cisimlərinin bizə ən yaxın və ən tanış olanlarıdır... Ancaq kainatın gözünüzlə görə bilmədiyiniz yerlərində başqa göy cisimləri də var.
Kosmosu mövzu götürən cizgi filmləri və ya kosmosla əlaqədar kinofilmlər barədə düşünün! Buludların yuxarısı, bu filmlərdə gördüyünüz ulduzlar, planetlər və asteroidlərlə doludur. Bunların hər birinə göy cismi deyilir. Bu göy cisimlərinin milyardlarlası bir yerə toplanaraq qalaktika dediyimiz nəhəng ulduz qrupları meydana gətirərlər. Göy cisimlərinin hamısı çox böyükdür. Məsələn, planetimiz digər göy cisimləri arasında kiçik sayıla biləcək bir planetdir. Lakin buna baxmayaraq, insanları, heyvanları, dağları, düzənlikləri, okeanları ağlınıza gələn hər şeyi üzərində daşıyacaq qədər böyükdür.
İndi istəsəniz səyahətimizə milyardlarla ulduzun bir yerdə olduğu, nəhəng ulduz qrupları olan qalaktikalarla davam edək!
Qalaktikalar
Qalaktikalar milyardlarla ulduzdan ibarətdirlər (unutmayın ki, ulduzlar Günəş kimi böyük göy cisimlərdir. Məsələn, Planetimiz və ya Ay bir ulduz deyil, sadəcə planetdirlər). Ən böyük qalaktikadakı ulduz sayı təxminən 3 trilyondur. Orta böyüklükdəki bir qalaktikada təxminən 200-300 milyard, kiçik bir qalaktikada isə təxminən 100 milyard ulduz var.
Burada azacıq dayanıb düşünək: Milyard sizin üçün nə ifadə edir? Məsələn, 1 rəqəminin yanına iki sıfır qoysanız 100 olar. Əgər buna bir sıfır da əlavə etsəniz 1000 olar. Bir sıfır daha əlavə edin, bu an qarşınızda 10 000 (on min) sayı olar. 10 000-ə qədər saya bilərsinizmi? Bəlkə sayarsınız, amma bu yəqin ki, xeyli vaxtınızı alar. Xəbəriniz varsa, hələ də milyarda çata bilmədik. O zaman 10 000-nin yanına iki sıfır da əlavə edək. Hal-hazırda qarşımızdakı ədəd 1 000 000 (bir milyon)-dur. Yenə qalaktikalardakı ulduz sayına çata bilmədik. Amma 1 000 000-un yanına üç sıfır daha əlavə etsəniz bu vaxt 1 000 000 000 (bir milyarda) çatarıq. 1 000 000 000-a qədər saya bilərsinizmi? Buna biz cavab verək: Bir milyarda qədər saymaq bir neçə on ilinizi aparar...
İndi isə, demək olar ki, qalaktikalardakı ulduz sayına yaxınlaşdıq. 1 000 000 000-ın yanına iki sıfır da əlavə etsəniz 100 000 000 000 (yüz milyard) alınar. Məhz bu, milyardlarla qalaktika arasında ən kiçiklərindən birində yerləşən ulduzların sayıdır.
İndi kosmosun nə qədər böyük olduğunu anladınızmı? Kosmosdakı bütün ulduzları saymağa çalışsanız, bunu heç dayanmadan ömrünüz boyu etsəniz də sayıb qurtara bilməzsiniz. Amma Yaradıcımız olan Allah, bu, gözünüzdə canlandıra bilməyəcəyiniz qədər böyük kosmosu yoxdan yaratmışdır və hər an bu ucsuz-bucaqsız kainatın hər yerinə hakimdir. Nəhəng kainatımızda baş verən hər şeyi, mövcud olan hər varlığı Allah bilir və görür. Rəbbimizin sonsuz qüdrəti bir Quran ayəsində belə bildirilir:
...O göylərdə və yerdə olanları da bilir. Allah hər şeyə qadirdir. (Ali İmran surəsi, 29)
Biz yenə mövzumuza davam edək və Allahın yaratdığı qalaktikaları daha yaxından tanımağa çalışaq.
Böyük və orta böyüklükdəki qalaktikalarda bir qalaktika mərkəzi olar. Bu mərkəz, təxminən 100 milyard ulduzdan ibarət olan bir ulduz qrupudur. Qalaktika mərkəzinin ətrafında isə, böyük sürətlə fırlanan qollar var. Bu qollar, ulduzlar, qaz və toz buludlarından meydana gələr.
Qolları və mərkəzləriylə birlikdə qalaktikalar kosmosdakı ən böyük göy cisimləridirlər. Bu nəhəng göy cisimləri bir də öz aralarında qruplar meydana gətirərlər. Bəzi qalaktika qruplarında minlərlə qalaktika var. Bundan əlavə, bu qalaktika qrupları da öz aralarında təkrar qruplaşırlar. Bu müntəzəm qruplaşma belə davam edər.
İndi bura qədər sadaladıqlarımızı sıralayaq:
- Qalaktikalar milyardlarla hətta trilyonlarla ulduzdan ibarətdirlər.
- Böyük və orta böyüklükdəki qalaktikaların, qalaktika mərkəzləri var. Bu mərkəzlər təxminən 100 milyard ulduzun qalaktikanın ortasında toplanıb qruplaşması nəticəsində əmələ gəlmişdirlər.
- Qalaktika mərkəzinin ulduzlar, qaz və toz buludundan meydana gəlmiş qolları var. Bu qollar, böyük sürətlə qalaktika mərkəzinin ətrafında dayanmadan fırlanarlar.
- Qalaktikalar bir yerə toplanaraq qalaktika qruplarını meydana gətirərlər. Bəzən bir qalaktika qrupunda minlərlə qalaktika ola bilər. Qalaktika qrupları da öz aralarında qruplaşırlar.
Bütün bunlardan savayı, 100 milyard ulduzlu bir qalaktikanın kiçik bir qalaktika olduğunu unutmayın. Əlbəttə ki, hər bir ulduzun ən azı Günəşimiz qədər böyük olduğunu, eləcə də, bir çox ulduzun ətrafında planetimiz kimi irili-xırdalı planetlərin fırlandığını da...
Yaxşı, indi yaxşı şəkildə düşünüb cavab verin. Milyardlarla ulduz öz-özünə nizamlı şəkildə bir yerə toplana bilərmi? Ulduzlar bir-birləriylə və ya digər göy cisimləriylə (məsələn, planetimiz və ya digər planetlərlə) toqquşmadan hərəkət edə biləcəkləri tarazlığı öz-özlərinə meydana gətirə bilərlərmi?
Xeyr, ulduzların öz-özlərinə nizam və ya tarazlıq meydana gətirmələri qeyri-mümkündür. Deməli, ulduzların, bir-birləriylə toqquşmadan ilk yarandıqları gündən bəri, yəni milyardlarla ildir ki, böyük sürətlə fırlana bilmələri, onları yaradan, planlayan və təşkil edən biri olduğunu göstərir. Şübhəsiz ki, bu Yaradıcı, bütün kainatın hakimi olan Allahdır. Allah, kosmosdakı planetlər, ulduzlar və quyruqlu ulduzlar üçün saysız-hesabsız yollar yaratmışdır. Bu göy cisimləri öz yollarında bir-birləriylə toqquşmadan hərəkət edərlər.
Süd yolu qalaktikası
Süd yolu, planetimizin içində olduğu qalaktikanın adıdır. Süd yolu qalaktikası çox böyükdür. Əlbəttə ki, bütün böyük qalaktikalarda olduğu kimi, Süd yolunun da bir qalaktika mərkəzi var. Xatırlayırsınızsa, qalaktikalar hissəsində, qalaktika mərkəzinin nə olduğundan danışmışdıq. Bu mərkəzdə yerləşən ulduzlar daha yaşlı, qırmızı və sarı olan ulduzlardır. Qalaktikanın qollarındakılar isə, daha çox isti, gənc, mavi ulduzlardır. Həmçinin bu qollarda qaz və toz buludları da var.
Bu qalaktika spiralvari formadadır, əslində qalaktikanın forması tamamilə "külək gülünün" formasına bənzəyir. Yəni mərkəzindən kənara doğru açılan qolları var. Bu qolların sayı dörddür. Bunlardan birinin adı "orion qolu" dur. "Günəş sistemi" adlanan planetlər toplusu bu qolda yerləşir və bu topludakı planetlərdən biri də planetimizdir.
Günəş sistemimiz Süd Yolu qalaktikasının mərkəzə yaxın hissəsində yerləşir. Lakin yaxın olmasına baxmayaraq, mərkəzin ətrafındakı dövrünü, ancaq 220 milyon ilə tamamlayır.
Nəhəng Süd Yolu qalaktikası, milyardlarla ildir ki, bu formasını və hərəkətini davam etdirər. İçindəki ulduzlar, olduqca böyük sürətlə fırlandıqları halda, daim nizam içində və eyni orbit üzrə hərəkət edərlər.
Ancaq ulduzların öz-özlərinə belə bir forma meydana gətirməsi qeyri-mümkündür. Öz aralarında belə bir qərar verib ən uyğun şəkildə düzülmələri və hərəkət etmələri də qeyri-mümkündür. Bir bağçadakı daşlar barədə düşünün! Daşlar bir yerə toplanaraq, "bir hissəmizdə mərkəzi, digər hissəmizdə də qolları meydana gətirək və sonra da heç dayanmadan və sıranı pozmadan bağçada fırlanaq" kimi bir qərar verə bilərlərmi? Biri sizə belə bir şey gördüyünü söyləsə inanarsınızmı? Əlbəttə ki, inanmazsınız... Əlbəttə ki, Süd Yolu qalaktikasının təsadüfən meydana gəldiyini və ulduzların öz-özlərinə aldıqları qərarla hərəkət etdiyini söyləmək də ən azı bu bağçadakı daşlar nümunəsi qədər gülməli olar. Unutmayın ki, daşlar necə cansız varlıqlardırsa, göy cisimləri də cansız, şüursuz varlıqlardır.
Allahdan başqa heç bir güc, milyardlarla nəhəng ulduzu yaradıb onlar üçün nizamlı bir sistem meydana gətirə bilməz. Məhz bundan ötrü də, kainatla əlaqədar öyrəndiyimiz hər məlumat Allahın varlığını və üstün yaratma gücünü xatırladır. Həmçinin, Onun sonsuz ağlını və məlumatını bizə göstərir.